Zaqatala rayonunda şahmat üzrə Respublika Olimpiadası keçirilmişdir
13-22 iyul 2010-cu il tarixdə Zaqatala rayonunda şahmat üzrə Respublika Olimpiadası keçirilmişdir.
Olimpiadada respublikamızın 41 şəhər və rayonundan 360 (onlardan 90 nəfəri qızlardır) şahmatçı mübarizə aparmışdır.
Yarışlar A və Bqrupları üzrə keçirilmişdir. A qrupunda 13-16 yaşlı idmançılar, B qrupunda isə 12 yaşadək olan idmançılar iştirak etmişdirlər. A qrupu üzrə şəxsi hesabda 9 xalla 1-ci yeri Orucov Şücayət (Masallı r-nu), 8 xalla 2-ci yeri Abbasov Amil (Gəncə şəhəri) 7,5 xalla 3-cü yeri Allahyarov Səid(Göyçay r-nu) tutmuşdur. Komanda hesabında isə Sumqayıt idmançıları 29 xalla 1-ci, Bakı şəhəri 1 nömrəli İOEUGŞDİM və Gəncə şahmat məktəblərinin yetirmələri 26,5 xal nəticə ilə 2-3-cü yerləri bölüşmüşlər. B qrupu üzrə şəxsi hesabda 9 xalla Bakı şəhəri 2 nömrəli UGŞİM-nin yetirməsi Zaur Abbasov 1-ci, 8,5 xalla Bakı şəhəri 1 nömrəli İOEUGŞDİM-nin təmsilçisi Qulam Məmmədov 2-ci, 8 xalla Sumqayıt təmsilçisi Zaur Bayramov 3-cü yerə çıxmışlar. Komanda hesabında isə Bakı şəhər Həmkarlarının Respublika Dama Klubunun komandası 30,5 xal nəticə ilə 1-ci, Bakı şəhəri 1 nömrəli İOEUGŞDİM-nin komandası 30 xalla 2-ci, Bakı şəhəri 2 nömrəli İGŞİM-nin komandası isə 29,5 xalla 3-cü yeri tutmuşlar.
Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimində respublika Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov, rayon icra hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva, Zaqatala şahmat məktəbinin direktoru, yarışların baş hakimi Məmmədsalam Qurbanov çıxış edərək belə yarışların bölgələrdə idmanın kütləviliyinin daha da artmasına böyük təkan verdiyini bildirmiş, idmançılara gələcək yarışlarda uğurlar arzulamışlar.
Yarışda bütün yaş qrupları üzrə komanda hesabında I, II və III yerləri tutmuş idmançılar, həçinin A və B qrupları üzrə komanda hesabında I, II və III yerləri tutmuş komanda üzvləri qiymətli hədiyyələr, pul mükafatları və kuboklarla təltif edilmişlər.
Qeyd etmək istərdik ki, A qrupunda ilk 2 yeri tutmuş idmançılar Azərbaycan olimpiya yığma komandasının tərkibində oynamaq hüququ qazanmışdır.