Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir
20 – 28 sentyabr 2011-ci il tarixdə 200 saylı məktəbin futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. 1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir. Yarışlara 28 sentyabr 2011-ci il tarixdə yekun vurulmuşdur.
Turnirdə III yer uğrunda 18 №-li MKİS-in “Kosmos” - 53 №-li MKİS-in “Sülh” komandaları, final oyununda 30 №-li MKİS-in “Günəş” – 54 №-li MKİS-in “Gənclik” komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilmişdir. Belə ki, III yer uğrunda keçirilən oyunda “Kosmos” komandası 3:1 hesabi ilə “Sülh” komandasına qalib gələrək turnirin III yerinə layiq görülmüşdür. Final oyununda “Gənclik” komandası 2:1 hesabı ilə “Günəş” komandası üzərində qələbə qazanaraq turnirin qalibi adını qazanmışdır.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının müavini İlqar Mirzəyev, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhələlərarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş Futbolun İnkişafına dair Dövlət Proqramının bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif olunmuşlar.