Məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turniri keçirilmişdir.
12 - 23 oktyabr 2011-ci il tarixdə Nərimanov rayonu 200 saylı məktəbin futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turniri keçirilmişdir. Turnirdə III yer uğrunda Nərimanov – Səbail komandaları və final oyununda Yasamal – Sabunçu komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilmişdir. Belə ki, III yer uğrunda keçirilən oyunda əsas hissə 1:1 hesabı ilə qurtarmış, 7 metrlik zərbələr seriasında 3:2 hesabi ilə Nərimanov komandası qalib gələrək turnirin III yerinə layiq görülmüşdür. Final oyununda əsas hissə 0:0 hesabı ilə qurtarmış, 7 metrlik zərbələr seriasında 3:1 hesabi ilə Yasamal komandası qalib gələrək turnirin qalibi adını qazanmışdır. 1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 14 komanda tərkibində 140 nəfər uşaq iştirak etmişdir.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir.Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Agayev və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhələlərarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş Futbolun İnkişafına dair Dövlət Proqramının bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kuboklarla təltif olunmuşlar.