Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında "Breyn-rinq" intellektual yarışı keçirilib
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 27 may 2011-ci il tarixdə 15 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Cəzaçəkmə müəssisələrinin məhkumları arasında “28 may- Respublika günü”nə həsr olunmuş silsiləvi tədbirlər keçirilmişdi.
Belə ki, 15 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında qol güləşi üzrə turnir Azərbaycan Qol Güləşi Federasiyasının hakimlər kollegiyasının yaxından iştirakı ilə yüksək səviyyədə təşkil olunaraq keçirilmiş, qalib məhkumlar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Sonra müəssisədə 9 saylı Cəzaçəkmə Müəssisəsinin “Xəzər” komandasının, 14 saylı Cəzaçəkmə Müəssisəsinin “Qaradağ” komandasının, 15 saylı Cəzaçəkmə Müəssisəsinin “Turan” komandasının və 16 saylı Cəzaçəkmə Müəssisəsinin “İstiqlal” komandasının iştirakı ilə “Breyn-rinq” intellektual oyununun final mərhələsi keçirilmişdir. Yarışda 16 saylı müəssisənin “İstiqlal” komandasının üzvləri yüksək oyun nümayiş etdirərək I yerə layiq görülmüşlər. II yeri “Turan” komandası, III yeri isə “Xəzər” komandası tutmuşdur. Qaliblər Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi general mayor M.Quliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov, Nizami rayonu İcra Hakimiyyətinin şöbə müdiri V.Məmmədov tərəfindən kubokla, müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.